Mingəçevir Valideynlər Assosiasiyası

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2004-cü ilin noyabrında təsis olunub, həmin il dekabrın sonunda Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Ötən illər ərzində Dünya Bankı, Avrasiya Fondu və Açıq Cəmiyyət İnsitutu Yardım Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Amerika Hüquqşünaslar Assosiasiyası (ABA CEELİ), IREX-Azərbaycan təşkilatı, “Barışıq Resursları” təşkilatı (Böyük Britaniya) və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə çoxsaylı layihələri gerçəkləşdirmişik. Həmin qurumlarla əməkdaşlıq şəraitində təhsildə korrupsiya və rüşvətin qarşısının alınmasına, bölgələrdə valideyn bacarıqlarının artırılmasına, əlavə təhsilə və sosial ədalət üçün təhsilə yönələn layihələri icra etmişik. Pilot layihə olaraq, 2 məktəbdə sivil məktəb şuralarının yardılmasına nail olmuşuq. Mingəçevir İcma Məlumat Mərkəzi də təşkilatın uğurlu və uzun müddətli layihələrindəndir.

İnsan alverinə qarşı mübarizə təşkilat üçün həmişə prioritet olub. Bu istiqamətdə mütəmadi olaraq maarifləndimə işləri aparırıq. 2010-2011-ci illərdə İnsan alveri qurbanları üçün Sosial Reinteqrasiya Mərkəzinin sakinlərinə yardım göstərmək üçün regionda ilk sığınacağı yaratmışıq. Aztəminatlı ailələrə və məcburi köçkünlərə sosial hüquqlarla bağlı hüquqi və informasiya xidməti göstərmişik Hazırda təşkilat çoxmənzilli binalarda özünü idarəetmə icma metodlarının təbliği ilə bağlı növbəti layihəsini gerçəkləşdirməkdədir.